Ərazi reklam idarə rəislərinin toplantısı keçirilib
Avqustun 19-da Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Aparatında ərazi reklam idarələri rəislərinin iclası keçirilib. Agentliyin Aparatının rəhbəri Nahid Qasımov və İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun iştirakı ilə keçirilən görüşdə İdarə Heyəti sədrinin ötən üç ay ərzində verdiyi tapşırıqların icra vəziyyətinə baxılıb, gələcək hədəflər müəyyənləşdirilib. Qeyd olunub ki, Bakı ilə yanaşı regionlarda da Agentliyin fəaliyyəti ilə bağlı qarşıya çıxan çətinliklərin müəyyən hissəsi həllini tapıb. Digər çatışmazlıqların həllinin sürətləndirilməsinin vacibliyi bildirilib. Vurğulanıb ki, son dövrlər paytaxtın mərkəzi küçələrində, əsasən tarixi binaların estetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb. Mərkəzi küçələrdə yerləşən açıq məkandakı reklamların yeni eskizləri hazırlanaraq sahibkarlara təqdim edilib. Bu işlər hazırda mərhələli şəkildə davam etdirilir. İclasda açıq məkanda reklam yerləşdirilərkən şəhərlərin estetik görünüşünə diqqət yetirilməsinin, reklamlarda dövlət dilinin istifadəsinə dair tələblərə əməl olunmasının vacibliyi bir daha vurğulanıb. Tapşırıqlar yerinə yetirilərkən əlaqədar qurumlarla birgə iş fəaliyyətinin əhəmiyyətli olduğu diqqətə çatdırılıb.