Xəbərlər

Uşaq hüquqlarının müdafiəsi uşaqların sağlam, təhlükəsiz və xoşbəxt bir mühitdə böyüməsini təmin etmək məqsədi daşıyır

1 Noyabr 2024, 11:20

 

    Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbir keçirilib. “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda baş tutan təlimdə azyaşlılara hüquqları barədə ətraflı məlumat verilib, bu sahədə qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyətindən bəhs edilib, davranış qaydalarına dair hüquqi maarifləndirməni əks etdirən təqdimat həyata keçirilib. Aparatın Hüquq şöbəsinin baş hüquqşünası Maisə Musazadənin təqdimatında həyata keçirilən təlim zamanı iştirakçılara uşaq hüquqları barədə tapşırıqlar verilib, diskussiya aparılıb, tədbirin sonunda isə sertifikat və hədiyyələr təqdim edilib.

   Qeyd edək ki, “Uşaq hüquqları aylığı”nın təşkilində əsas məqsəd BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunmasının daha da yaxşılaşdırılmasından ibarətdir. Bu konvensiya uşaq hüquqlarını-uşaqların sağlamlığını, təhlükəsizliyini, təhsilini və rifahını qorumağa yönəlmiş hüquqlar toplusudur. Bu hüquqlar hər bir uşağın fiziki, emosional və sosial ehtiyaclarını təmin etməyə, onları zorakılıq, istismar və hər cür haqsız münasibətdən qorumağa xidmət edir. Uşaq hüquqları Birləşmiş Millətlər Təşkilatının 1989-cu ildə qəbul etdiyi "Uşaq Hüquqları Konvensiyası" ilə təsdiq edilib və bu konvensiyaya çox sayda ölkə, o cümlədən Azərbaycan da qoşulub.

 

Digər xəbərlər