Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini anmaq məqsədilə Bakıda yerləşən “Ana harayı” abidəsini ziyarət edib. Xocalı faciəsinin 33-cü ildönümündə şəhidlərin ruhuna ehtiram bildirilib, abidə önünə gül dəstələri düzülüb.
Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyasına start verilib. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmayıb.
Xocalı faciəsinin bütün dünyada tanınması, bu qətliamın unudulmaması və gələcək nəsillərə doğru şəkildə çatdırılması üçün səylər bundan sonra da davam etdiriləcək.