Xəbərlər

ADRA “Torpaq əlimdə, bahar ürəyimdə 2025” yarmarkasının rəsmi tərəfdaşıdır

19 Mart 2025, 14:00

 

    “Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası yenidən Bakı sakinləri və qonaqları üçün xalqımızın sevimli bayramı Novruzun ab-havasını yaşatmaq məqsədilə qapılarını açıb. 2019-cu ildən etibarən keçirilən bu yarmarka şəhərimizin mərkəzində bayram ab-havası yaratmaqla yanaşı, eyni zamanda, yardıma ehtiyac duyan ailələrə ümid işığı olur. Belə ki, yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.

    “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası aprelin 15-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək.

Tədbirin rəsmi tərəfdaşları Azərbaycan Respulikasının Dövlət Reklam Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, ”Azərişiq” ASC, Bakı Abadlıq Xidməti, “Azərbaycan Hava Yolları” QSC, “Strafor Kəsim” və “E Point”dır.

    Yarmarka 36 böyük və 20 kiçik ev, 3 ədəd ikimərtəbəli restoran, Novruz bayramına aid peşəkarlar tərəfindən hazırlanmış dekorativ konstruksiyalar, balaca köşklər, oyun zonaları, fotozonalardan ibarətdir.

    Hər il olduğu kimi, internat məktəbləri, uşaq evləri, sığınacaqlar və sosial xidmət müəssisələrinin himayəsində olan uşaqlar yarmarkanın özəl qonaqları olacaqlar.

 

Digər xəbərlər