Bakıdakı binalarda reklam qurğularına dair təlimlər başa çatıb
Bakı Şəhəri Reklam İdarəsinin əməkdaşları üçün təşkil edilən, paytaxt ərazisindəki binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblərin müzakirə olunduğu təlimlər yekunlaşıb. Təlimlər Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Aparatının Reklam layihələrinin tərtibi və estetik ekspertizası şöbəsinin müdiri Pərvanə Əliyeva tərəfindən aparılıb.
Təlim proqramı çərçivəsində reklam qurğularının qanunvericiliyə uyğunluğu, təhlükəsizlik qaydalarına riayət edilməsi və şəhər estetikasına təsiri kimi əsas məsələlər ətrafında geniş müzakirələr aparılıb. Fasad reklamlarının yerləşdirilməsinə dair konkret tələblər, o cümlədən onların binaların memarlıq üslubuna uyğun quraşdırılması və yalnız hamar, memarlıq elementlərindən azad səthlərdə yerləşdirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda açıq məkanda reklam qurğularının quraşdırılmasına dair texniki və hüquqi normalar barədə iştirakçılara ətraflı məlumat verilib. Təlim müddətində iştirakçılar reklam qurğularının növləri, onların əraziyə uyğun yerləşdirilməsi və rəng harmoniyası ilə bağlı suallarını ünvanlayıb, fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlər yalnız paytaxtda deyil, ölkənin digər regionlarında da davam etdiriləcək. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və gələcəkdə açıq məkandakı reklam sahəsində keyfiyyət standartlarının yüksəldilməsi istiqamətində əlavə tədbirlərin görüləcəyi bildirilib.