Əsasnamə

 

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin

Daxili nəzarət və monitorinq şöbəsinin

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra – Agentlik) Aparatının struktur bölməsi olan Daxili nəzarət və monitorinq şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Agentliyin Aparatının, ərazi reklam idarələrinin və təsərrüfat cəmiyyətlərinin (bundan sonra – Agentliyin strukturları) funksional və həmin strukturların əməkdaşlarının xidməti fəaliyyətləri üzrə daxili nəzarət və audit tədbirlərini təşkil etməklə yanaşı, açıq məkanda reklam fəaliyyəti sahəsində və reklamın subyektlərinə münasibətdə monitorinqlərin aparılması, bu sahədə pozuntuların aşkar edilərək aradan qaldırılması istiqamətində ümumi nəzarət tədbirlərini həyata keçirir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin İdarə Heyətinin qərarlarını və İdarə Heyəti sədrinin (bundan sonra – sədr) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin strukturları, həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər fiziki və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları

 

2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Agentliyin strukturlarında daxili nəzarət, o cümlədən daxili audit tədbirlərinin təşkilini və yerinə yetirilməsini təmin edir;

2.1.2. icra intizamına, normativ hüquqi aktların, habelə təşkilati-sərəncam sənədlərinin tələblərinə riayət olunmasına ümumi nəzarəti həyata keçirir;

2.1.3. Agentlikdə risklərin idarə olunmasının və xərclərin səmərəliliyinin qiymətləndirilməsini, eləcə də daxili nəzarət mexanizmlərinin effektivliyinin və çevikliyinin müəyyən edilməsini, mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılmasını həyata keçirir;   

2.1.4. Agentliyin açıq məkanda reklam fəaliyyəti ilə bağlı vəzifələrindən irəli gələrək, yerlərdə monitorinqlərin aparılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması istiqamətində ümumi nəzarət tədbirlərinin həyata keçirilməsini təmin edir;

2.1.5. müvafiq sahənin inkişaf etdirilməsi üçün tədbirlər görür.

 

2.2. Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. Agentliyin strukturlarında bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində daxili nəzarət tədbirlərini, o cümlədən daxili audit, xidməti araşdırma və monitorinqləri həyata keçirir;

2.2.2. Agentlikdə müntəzəm və səmərəli fəaliyyətin təmin edilməsini, risklərin idarə olunmasını, yaradılan daxili nəzarət mexanizmlərinin səmərəliliyini və çevikliyini müəyyən edir;

2.2.3. mühasibat uçotunun aparılmasının və maliyyə hesabatlarının düzgünlüyünü yoxlayır, habelə xərclərinin səmərəliliyini qiymətləndirir;

2.2.4. ehtiyatlardan istifadənin səmərəliliyini, düzgünlüyünü və onların istifadəsinə nəzarəti qiymətləndirir;

2.2.5. Agentliyin strukturları və əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncam sənədlərinin tələblərinə əməl olunmasına ümumi nəzarəti həyata keçirir;

2.2.6. Agentliyin strukturlarının fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün elektron və digər informasiya daşıyıcıları əsasında fəaliyyət göstəricilərinin ilkin təhlilini aparmaqla, onun nəticəsinə uyğun olaraq daxili nəzarət qaydasında daxili nəzarət tədbirlərinin həyata keçirilməsi barədə Agentliyin rəhbərliyinə təkliflər təqdim edir;

2.2.7. Agentliyin əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə şöbəyə vətəndaşlardan, sahibkarlıq subyektlərindən, dövlət və qeyri-dövlət orqanlarından, habelə Agentliyin strukturlarından daxil olmuş təqdimatlar və ya müraciətlər üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin edir;

2.2.8. Agentliyin əməkdaşları tərəfindən təşkilati-sərəncam sənədləri ilə müəyyən edilmiş daxili nizam-intizam, etik davranış qaydalarına dair tələblərin pozulması halları üzrə xidməti araşdırma və yoxlamalar aparır;

2.2.9. Agentliyin əməkdaşları tərəfindən yol verilmiş korrupsiya ilə əlaqədar hüquqpozma halları, habelə daxili audit yoxlamalarının və monitorinqlərin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmalar aparır;

2.2.10. zərurət yarandığı hallarda Agentliyin strukturları tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə bilavasitə iştirak edir;

2.2.11. səlahiyyətlərinə aid olan məsələlər üzrə Agentliyin strukturlarında aparılacaq daxili nəzarət və monitorinq planlarını hazırlayır;

2.2.12. Agentliyin əməkdaşları tərəfindən xidməti vəzifələrin və funksiyaların icrası zamanı vətəndaşların, reklam yayıcılarının hüquq və qanuni mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlərə dair müvafiq təkliflər verir, onların hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görür və bu sahədə nəzarəti həyata keçirir;

2.2.13. Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və digər göstərişləri ilə verilmiş müvafiq tapşırıqlar, o cümlədən milli layihələr və strategiyalar, dövlət proqramları, inkişaf konsepsiyaları, tədbirlər və fəaliyyət planları üzrə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icra edilməsinə ümumi nəzarəti həyata keçirir;

2.2.14. daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri olan əməllər müəyyən edildiyi halda cinayət təqibinin həyata keçirilməsi üçün iş üzrə materialların hüquq mühafizə orqanlarına aidiyyəti üzrə göndərilməsi barədə Agentliyin rəhbərliyi qarşısında məsələ qaldırır;

2.2.15. Agentliyin əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsinin qarşısının alınması üçün zəruri tədbirlər görür;

2.2.16. korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar əsasında Agentliyin strukturlarında daxili nəzarət tədbirləri həyata keçirir və nəticələrinə əsasən Agentliyin rəhbərliyinə təkliflər verir;

2.2.17. açıq məkanda Agentliyin aidiyyəti strukturları tərəfindən yerləşdirilməsinə və yayımlanmasına icazə verilmiş reklamların yerlərdə ölçü, növ, məzmun və zonalarının (olduğu təqdirdə) qanunvericiliyin tələblərinə, habelə verilmiş icazə sənədlərinə uyğunluğunu yoxlayır;

2.2.18. açıq məkanda reklam yerləşdirilməsinə, yayımına görə Agentliyin aidiyyəti strukturları tərəfindən hesablanmış dövlət rüsumlarının və yayım haqlarının qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə monitorinqlər və araşdırmalar aparır;

2.2.19. açıq məkanda müvafiq icazə sənədi olmadan yerləşdirilmiş reklamlara və ya icazəsiz tikilmiş, eləcə də razılaşdırılmadan quraşdırılmış reklam qurğularına münasibətdə Agentliyin aidiyyəti strukturları tərəfindən qanunvericilik aktlarının tələbləri ilə müəyyən edilmiş tədbirlərin görülməməsi səbəblərini araşdırır, həmçinin bu sahədə verilmiş zəruri göstərişlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;  

2.2.20. mövcud qanunvericiliyə əsasən açıq məkanda yerləşdirilməsinə və ya tikintisinə icazə verilmiş, habelə tikintisinə icazə tələb olunmayan və quraşdırılması razılaşdırılmış müvafiq olaraq reklamların və reklam qurğularının qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir; 

2.2.21. açıq məkanda reklam yayımı sahəsində aşkar olunmuş nöqsanların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi məqsədi ilə onların təkrar monitorinqini aparır;

2.2.22. açıq məkanda reklam yayımı sahəsində aparılmış monitorinq və nəzarət tədbirlərinin nəticələrini təhlil edir, bununla bağlı təqdimatlar və analitik materiallar hazırlayaraq Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.23. açıq məkanda reklam yayımı sahəsində monitorinqlərin həyata keçirilmə istiqamətləri, vaxtları və əraziləri ilə bağlı dövrlər üzrə iş planları hazırlayaraq rəhbərliyə təqdim edir, təsdiq olunduqdan sonra onun icrası ilə bağlı zəruri tədbirlər görür;

2.2.24. reklamın subyektləri barəsində inzibati xəta haqqında işlər üzrə görülmüş tədbirlərin qanunvericiliyin tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir;

2.2.25. müasir informasiya-kommunikasiya texnologiyalarını və innovasiyaları tətbiq etməklə, açıq məkanda reklamların yayımı və tərtibatı sahəsində mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması istiqamətində təkliflər verir;

2.2.26. fəaliyyət istiqamətləri ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə əlaqədar təkliflər verir;

2.2.27. açıq məkanda reklam fəaliyyəti sahəsində Agentliyin aidiyyəti strukturları tərəfindən yol verilmiş pozuntuları, onların yaranma səbəblərini təhlil edərək ümumiləşdirir, həmin pozuntuların qarşısının alınması məqsədi ilə təkliflər hazırlayır;

2.2.28. Agentlik üzrə inzibatçılığın və təşkilati-idarəetmə işlərinin təkmilləşdirilməsi, həmçinin daxili nəzarət tədbirlərinin nəticələri əsasında Agentliyin strukturlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində araşdırmalar aparır və nəticələri ümumiləşdirərək rəhbərliyə təkliflər verir;

2.2.29. iş proseslərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına ümumi nəzarətin təmin olunması məqsədilə Agentliyin strukturlarına əməli-metodiki köməklik göstərir; 

2.2.30. şöbənin fəaliyyət istiqamətləri üzrə Agentliyin inkişaf konsepsiyasının (strateji planının) həyata keçirilməsini təmin edir;

2.2.31. Agentliyin fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;

2.2.32. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını, məxfilik rejimini və kargüzarlıq işlərinin aparılmasını təmin edir; 

2.2.33. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və Agentliyin rəhbərliyinə təqdim edir;

2.2.34. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

2.3. Şöbənin aşağıdakı hüquqları vardır:

2.3.1. Agentliyin strukturlarında daxili nəzarət və müşahidə-baxış tədbirləri, o cümlədən daxili audit yoxlamaları, xidməti araşdırmalar, monitorinqlər həyata keçirmək, zərurət yarandığı hallarda daxili nəzarətin məqsədləri üçün Agentliyin strukturlarının funksional vəzifələrinə aid olan nəzarət və monitorinq tədbirlərinin həyata keçirilməsi barədə məsələ qaldırmaq;

2.3.2. Agentliyin əməkdaşlarının korrupsiya ilə bağlı hüquqpozmalara yol vermə hallarına dair daxil olmuş materiallar üzrə xidməti araşdırmalar və yoxlamalar aparmaq, daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozmalar və onlara aidiyyəti olan şəxslər barədə sənədləri, hesabatları və məlumatları Agentliyin strukturlarından əldə etmək;

2.3.3. icraatda olan iş üzrə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə Agentliyin əməkdaşlarını, sahibkarları, onların nümayəndələrini və vətəndaşları şöbəyə dəvət etmək, onlardan lazımi məlumat, arayış və izahatlar almaq;

2.3.4. Agentliyin strukturlarının fəaliyyət sahələri və istiqamətləri üzrə müstəqil şəkildə təhlillər və araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq, müvafiq təkliflər vermək;

2.3.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin strukturlarından şifahi və yazılı qaydada şöbənin müəyyən etdiyi formada, müddətlərdə və dövrlər üzrə arayış, məlumat, hesabat almaq, habelə zərurət yarandıqda Agentlikdə mövcud olan informasiya sistemlərinə (elektron sənəd dövriyyəsi, icazələrin elektron qeydiyyatı, müəssisə resurslarının planlaşdırılması sistemləri və s.) daxil olmaq;

2.3.6. daxili nəzarət tədbirlərinin xüsusiyyətləri nəzərə alınmaqla zərurət yarandıqda daxili nəzarət qruplarının tərkibinə daxil edilmək üçün Agentliyin strukturlarından, kənar təşkilatlardan mütəxəssislərin və ekspertlərin cəlb olunmasına dair Agentliyin rəhbərliyinə təklif vermək;

2.3.7. zərurət yarandığı hallarda daxili nəzarət tədbirləri ilə əhatə olunmuş dövr üzrə təkrar tədbirlər həyata keçirmək;

2.3.8. daxili nəzarət tədbirlərinin nəticələrinə əsasən Agentliyin mənafeyini qorumaq, baş verə biləcək qanun pozuntusunun qarşısını almaq, icra və əmək intizamını təmin etmək məqsədilə Agentliyin əməkdaşlarının işdən müvəqqəti kənarlaşdırılması barədə rəhbərliyə təkliflər vermək;

2.3.9. Agentliyin əməkdaşları tərəfindən qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin tələblərinin pozulmasını yaradan səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər vermək, zərurət yarandığı hallarda əməli köməklik göstərmək, eləcə də əməkdaşların müvafiq məsuliyyətə cəlb olunması məsələsinə baxılması barədə təqdimatlar vermək;

2.3.10. açıq məkanda reklam yayımı sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədi ilə müstəqil şəkildə, təsdiqlənmiş iş planına və rəhbərliyin tapşırığına əsasən monitorinqlər aparmaq, mövcud olan reklam daşıyıcılarına yerində və icazə sənədləri üzrə baxış keçirmək;

2.3.11. Agentliyin ərazi idarələrinin aidiyyəti struktur bölmələrindən reklam fəaliyyətinə nəzarət sahəsində görülmüş işlər üzrə hesabatlar almaq, onları təhlil edib və ümumiləşdirərək rəhbərliyə təqdim etmək;

2.3.12. Agentliyin aidiyyəti strukturları tərəfindən açıq məkanda reklam yayımı sahəsində nəzarət tədbirləri ilə bağlı görülən işləri təhlil etmək, ümumiləşdirmək və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

2.3.13. xidməti zərurətlə əlaqədar Agentliyin strukturlarına, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.14. Agentliyin strukturları tərəfindən qanunvericilik aktlarının, təşkilati-sərəncam sənədlərinin layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

2.3.15. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyaların, işçi qruplarının işində iştirak etmək, habelə müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək; 

2.3.16. Agentliyi fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

2.3.17. şöbənin fəaliyyəti ilə bağlı dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə ünvanlanan müraciətlərin layihələrini hazırlamaq;

2.3.18. şöbənin əməkdaşlarının ixtisasının artırılması istiqamətində təkliflər vermək;

2.3.19. qanunvericilik aktları və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

3. Şöbənin idarə olunması

 

  3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində sədr  tərəfindən təsdiq edilir. Şöbənin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq Agentliyin İdarə Heyəti tərəfindən həyata keçirilir.

  3.2. Şöbənin fəaliyyətinə Agentliyin İdarə Heyəti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda onu sədrin əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.

3.3. Şöbənin Daxili nəzarət sektorunun əməkdaşları İdarə Heyəti, Monitorinq sektorunun əməkdaşları isə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3.4. Şöbə müdiri:

3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;

3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;

3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;

3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;

3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

3.4.10. şöbəni təmsil edir.

3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

4. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

 

4.1. Daxili nəzarət sektorunun vəzifələri aşağıdakılardır:

4.1.1. daxili nəzarət məqsədləri üçün Agentliyin strukturlarında daxili audit yoxlamaları və monitorinq tədbirləri aparılacaq sahələri müəyyən edir, daxili nəzarət tədbirlərinin keçirilmə metodikasını və prosedurunu hazırlayır;

4.1.2. Agentliyin strukturları tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktları ilə müəyyən edilmiş müddəalara əməl olunmasına və təşkilati-sərəncam sənədləri ilə verilmiş tapşırıqların vaxtında, tam və mahiyyəti üzrə icrasına nəzarət edir;

4.1.3. müvafiq iş planlarında nəzərdə tutulmuş tədbirlərin və daxili audit yoxlamalarının (və ya monitorinqlərin) vaxtında həyata keçirilməsini təmin edir, tədbirlərin icrasının nəticələri barədə məruzə hazırlayaraq, baxılması üçün birbaşa rəhbərinə təqdim edir;

4.1.4. müvafiq iş planının, İdarə Heyətinin iclaslarında şöbənin təşəbbüsü ilə müzakirə olunmalı məsələlərin və hesabat dövrləri üzrə məruzələrin layihəsini hazırlayaraq, birbaşa rəhbərinə təqdim edir;

4.1.5. sektorun əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması istiqamətində Agentliyin təmsil olunduğu təlim və tədris kurslarında iştirak edəcək əməkdaşlar barədə birbaşa rəhbərinə təkliflər verir;

4.1.6. Agentliyin əməkdaşlarının fəaliyyətində işlərin koordinasiyalı təşkili vəziyyətini öyrənir və təhlil edir, habelə iş planlarında nəzərdə tutulmuş işlərin müəyyən edilmiş müddətlərdə icrasına nəzarəti təşkil edir;

4.1.7. şöbə müdiri tərəfindən vətəndaşların qəbulu ilə əlaqədar müvafiq təşkilati işlərin görülməsini təmin edir;

4.1.8. Agentliyin əməkdaşları tərəfindən törədilmiş hüquq pozuntularını ümumiləşdirir, təhlil edir, onların fəaliyyətində olan qanun pozuntularının profilaktikasını təmin etmək üçün nöqsanların baş vermə səbəbi və şəraitinin aradan qaldırılması ilə bağlı preventiv tədbirlərə dair təkliflər verir;

4.1.9. Sədrin, onun səlahiyyət verdiyi müavininin və şöbə müdirinin göstərişi ilə, habelə Agentliyin strukturlarından daxil olmuş və ya şöbə tərəfindən əldə edilmiş (o cümlədən, nəzarət tədbirləri vasitəsilə), kütləvi və elektron informasiya vasitələrində əks etdirilmiş məlumatlar, vətəndaşların və sahibkarların müraciətləri, eləcə də məhkəmə və hüquq mühafizə orqanlarından daxil olmuş xüsusi qərarlar, təqdimatlar və sair sənədlər əsasında xidməti araşdırmalar aparır, müvafiq fəaliyyət sahələri üzrə daxili audit yoxlamaları və monitorinqlər həyata keçirir, nəticələrini Agentliyin rəhbərliyinə təqdim edir;

4.1.10. Agentliyin əməkdaşları tərəfindən korrupsiya ilə bağlı törədilmiş və ya hazırlanan hüquqpozmalarla əlaqədar xidməti yoxlamalar və araşdırmalar aparır, bununla bağlı aidiyyəti şəxslər barəsində sənədləri, hesabatları və məlumatları qanunvericiliyə uyğun tələb və əldə edir;

4.1.11. Agentliyin əməkdaşlarının əməllərində cinayət tərkibinin əlamətləri müəyyən edildiyi halda cinayət təqibinin həyata keçirilməsi üçün materialların aidiyyəti üzrə göndərilməsi barədə məsələ qaldırır, korrupsiya ilə əlaqədar hüquqpozmalara yol vermiş əməkdaşlar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin edir;

4.1.12. daxili nəzarət tədbirlərinin nəticələri üzrə əmək və digər qanunvericilik aktlarının və bu Əsasnamənin müddəalarının pozulması ilə əlaqədar Agentliyin əməkdaşları barədə xidməti araşdırmalar aparır;

4.1.13. Agentliyin strukturlarında kompleks və tematik daxili audit yoxlamalarının aparılmasını və nəticələrinin ümumiləşdirilməsini təmin edir, habelə nöqsana yol vermiş əməkdaşlardan və aidiyyəti şəxslərdən məlumat, arayış və izahatlar alaraq, yoxlamaların yekunu barədə materialların Agentliyin rəhbərliyinə təqdim edilməsi üçün zəruri tədbirlər görür;

4.1.14. Agentliyin strukturlarında aparılan daxili audit yoxlamaları və monitorinq tədbirləri zamanı sahibkarların və vətəndaşların hüquqlarının pozulması halları müəyyən edildikdə, əməkdaşların hərəkətlərinin müvafiq qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin tələblərinə uyğunluğunu yerində araşdırır;

4.1.15. Agentliyin strukturlarında aparılan daxili audit yoxlamaları və monitorinq tədbirləri zamanı sahibkarlar tərəfindən qanunvericiliyin tələblərinin pozulması, habelə sahibkarlara münasibətdə qanunvericiliyin düzgün tətbiq edilməməsi halları aşkar olunduqda müvafiq tədbirlərin görülməsi və zərurət yarandığı hallarda daxili audit məqsədləri üçün dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə məsələ qaldırır;

4.1.16. Agentliyin əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası zamanı sahibkarların və vətəndaşların hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi üzrə fəaliyyətlərinə nəzarəti həyata keçirir;

4.1.17. Agentliyin strukturlarında əmək, icra və xidmət intizamı qaydalarına əməl olunması üzrə müşahidə-baxış tədbirləri həyata keçirir;

4.1.18. şöbənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və birbaşa rəhbərinə təqdim edir;

4.1.19. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4.2. Monitorinq sektorunun vəzifələri aşağıdakılardır:

4.2.1. Agentliyin açıq məkanda reklam fəaliyyəti ilə bağlı vəzifələrinin həyata keçirilməsi sahəsində yerlərdə monitorinqlərin aparılmasını təşkil edir, habelə aşkar olunmuş pozuntuların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini təmin edir;

4.2.2. açıq məkanda reklam fəaliyyəti sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədi ilə müstəqil şəkildə, təsdiqlənmiş iş planına və rəhbərliyin tapşırığına əsasən monitorinqlər aparır, mövcud olan reklam daşıyıcılarına yerində və icazə sənədləri üzrə baxış keçirir;

4.2.3. açıq məkanda Agentliyin aidiyyəti strukturları tərəfindən yerləşdirilməsinə və yayımlanmasına icazə verilmiş reklamların yerlərdə ölçü, növ, məzmun və zonalarının (olduğu təqdirdə) qanunvericiliyin tələblərinə, habelə verilmiş icazə sənədlərinə uyğunluğunu yoxlayır;

4.2.4. açıq məkanda reklam yerləşdirilməsinə və yayımlanmasına görə Agentliyin aidiyyəti strukturları tərəfindən hesablanmış dövlət rüsumlarının və yayım haqlarının qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə monitorinqlər və araşdırmalar aparır;

4.2.5. açıq məkanda reklam fəaliyyəti sahəsində monitorinq aparılacaq ərazilərin müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayır;

4.2.6.  açıq məkanda yerləşdirilməsinə icazə verilmiş, lakin şöbə tərəfindən monitorinqi aparılmamış reklamları müəyyən edir;

4.2.7. açıq məkanda müvafiq icazə sənədi olmadan yerləşdirilmiş reklamlara və ya icazəsiz tikilmiş, eləcə də razılaşdırılmadan quraşdırılmış reklam qurğularına münasibətdə Agentliyin aidiyyəti strukturları tərəfindən qanunvericilik aktlarının tələbləri ilə müəyyən edilmiş tədbirlərin görülməməsi səbəblərini araşdırır, həmçinin bu sahədə verilmiş zəruri göstərişlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;  

4.2.8. açıq məkanda yerləşdirilməsinə və ya tikintisinə icazə verilmiş, habelə tikintisinə icazə tələb olunmayan və quraşdırılması razılaşdırılmış müvafiq olaraq reklamların və reklam qurğularının mövcud qanunvericilik aktlarının tələblərinə uyğunluğunun monitorinqini həyata keçirir; 

4.2.9. müvafiq iş planlarında nəzərdə tutulmuş monitorinq tədbirlərinin vaxtında həyata keçirilməsini təmin edir, tədbirlərin icrasının nəticələri barədə məruzələr hazırlayaraq, baxılması üçün birbaşa rəhbərinə təqdim edir;

4.2.10. açıq məkanda reklam fəaliyyəti sahəsində aşkar olunmuş nöqsanların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi məqsədi ilə onların təkrar monitorinqini həyata keçirir;

4.2.11. açıq məkanda reklam fəaliyyəti sahəsində monitorinqlərin həyata keçirilmə istiqamətləri, vaxtları və əraziləri ilə bağlı dövrlər üzrə iş planları hazırlayaraq birbaşa rəhbərinə təqdim edir, təsdiq olunduqdan sonra onun icrası ilə bağlı zəruri tədbirlər görür;

4.2.12. açıq məkanda reklam fəaliyyəti sahəsində aparılmış monitorinqlərin nəticələrini təhlil edir, bununla bağlı təqdimatlar və analitik materiallar hazırlayır;  

4.2.13. Agentliyin aidiyyəti struktur bölmələrindən reklam fəaliyyətinə nəzarət sahəsində görülmüş işlər üzrə hesabatlar alır, onları təhlil edir və ümumiləşdirərək birbaşa rəhbərinə təqdim edir;

4.2.14. açıq məkanda reklam fəaliyyəti sahəsində Agentliyin aidiyyəti strukturları tərəfindən yol verilmiş pozuntuları, onların yaranma səbəblərini təhlil edərək ümumiləşdirir, həmin pozuntuların qarşısının alınması məqsədi ilə təkliflər hazırlayır;

4.2.15. açıq məkanda reklam fəaliyyəti sahəsində fəaliyyətin tənzimlənməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə əlaqədar təkliflər verir;

4.2.16. sektorun əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması istiqamətində Agentliyin təmsil olunduğu təlim və tədris kurslarında iştirak edəcək əməkdaşlar barədə birbaşa rəhbərinə təkliflər verir;

4.2.17. sektorun əməkdaşlarının fəaliyyətində işlərin koordinasiyalı təşkilinə, habelə iş planlarında nəzərdə tutulmuş işlərin müəyyən edilmiş müddətlərdə icrasına nəzarət edir;

4.2.18. sektorun fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır və birbaşa rəhbərinə təqdim edir;

4.2.19. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.