Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin
Maliyyə şöbəsinin
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (bundan sonra - Agentlik) Aparatının struktur bölməsi olan Maliyyə şöbəsi (bundan sonra – şöbə) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Agentliyin Aparatında büdcə və maliyyə nəzarətinin həyata keçirilməsi, mühasibat uçotunun və hesabatlılığının aparılması işlərinin təşkilini və tənzimlənməsini həyata keçirir.
1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Agentliyin İdarə Heyətinin qərarlarını və İdarə Heyəti sədrinin (bundan sonra – sədr) qərarlarını, əmr və sərəncamlarını (bundan sonra – təşkilati-sərəncam sənədləri), həmçinin bu Əsasnaməni rəhbər tutur.
1.3. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentliyin Aparatının struktur bölmələri, ərazi idarələri və təsərrüfat cəmiyyətləri (bundan sonra – Agentliyin strukturları), həmçinin dövlət və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
2. Şöbənin fəaliyyət istiqamətləri, vəzifə və hüquqları
2.1. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Agentliyin Aparatında büdcə və maliyyə nəzarətini həyata keçirir;
2.1.2. Agentliyin Aparatında mühasibat uçotunun və hesabatlılığının təşkili və aparılmasını təmin edir;
2.1.3. Agentliyin strukturuna daxil olan qurumların bu sahədəki fəaliyyətinə əməli və metodiki rəhbərliyi həyata keçirir.
2.2. Şöbənin vəzifələri aşağıdakılardır:
2.2.1. Agentlikdə büdcə və maliyyə nəzarətinin həyata keçirilməsini, mühasibat uçotunun və hesabatlılığının təşkili və aparılmasını müəyyən olunmuş qanunvericiliyə əsasən təşkil edir və aparır;
2.2.2. ilkin uçot sənədlərini, mühasibat və maliyyə uçotu registrlərini, hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib edir;
2.2.3. həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti və məlumatların operativ təqdim edilməsini təmin edir, həmçinin mühasibat (maliyyə) hesabatlarını müəyyən olunmuş müddətlərdə tərtib və aidiyyəti üzrə təqdim edir;
2.2.4. əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təmin edir;
2.2.5. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Agentliyin gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparır;
2.2.6. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim olunmasını təmin edir;
2.2.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məcburi dövlət sosial sığorta hesabatlarını müvafiq orqanlara təqdim edir;
2.2.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada statistik hesabatları statistika orqanlarına təqdim edir;
2.2.9. Agentliyin fəaliyyəti ilə bağlı bank əməliyyatlarını həyata keçirmək məqsədilə zəruri tədbirlər görür;
2.2.10. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin, vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədləri saxlayır;
2.2.11. Agentliyin strukturlarında büdcə və maliyyə nəzarətini, mühasibat uçotunun və hesabatlılığının aparılmasına metodiki rəhbərliyi həyata keçirir, eləcə də səlahiyyətləri daxilində bu işlərin təşkilinə nəzarət edir;
2.2.12. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
2.3. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
2.3.1. Agentliyin strukturlarında büdcə və maliyyə nəzarətinin həyata keçirilməsi, mühasibat uçotunun və hesabatlılığının təşkili, aparılması sahəsində çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
2.3.2. Agentliyin struktur bölmələrindən maliyyə nəzarəti işinin həyata keçirilməsi üçün zəruri olan arayışların, məlumatların, maliyyə hesabatlarının və digər materialların təqdim olunmasını tələb etmək;
2.3.3. xidməti zərurətlə əlaqədar Agentliyin strukturlarına, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
2.3.4. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Agentliyi dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;
2.3.5. Agentlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Agentliyi təmsil etmək, onların işində iştirak etmək;
2.3.6. müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər hazırlamaq;
2.3.7. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
3. Şöbənin idarə olunması
3.1. Şöbənin strukturu müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində sədr tərəfindən təsdiq edilir. Şöbə bilavasitə sədrə tabedir və onun qarşısında hesabat verir. Şöbənin fəaliyyətinə cari nəzarət (kurasiya) sədr tərəfindən Agentliyin rəhbər vəzifəli şəxslərindən birinə həvalə edilə bilər.
3.2. Şöbənin fəaliyyətinə sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir. Şöbə müdiri müvəqqəti olmadıqda, onu sədrin əmri ilə şöbənin əməkdaşlarından biri əvəz edir.
3.3. Şöbənin digər əməkdaşları da sədr tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
3.4. Şöbə müdiri:
3.4.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
3.4.2. tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
3.4.3. şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
3.4.4. şöbə tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin edir;
3.4.5. şöbə üzrə Agentliyin rəhbərliyi yanında müzakirə olunmalı məsələləri müəyyən edir və bu barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;
3.4.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
3.4.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
3.4.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil edir;
3.4.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
3.4.10. şöbəni təmsil edir.
3.5. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
4. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri
4.1. Büdcə və maliyyə nəzarəti sektorunun vəzifələri aşağıdakılardır:
4.1.1. Büdcə və maliyyə nəzarəti sektoru gündəlik, aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlayır və təhlil edir;
4.1.2. aparılan əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğuna nəzarət edir;
4.1.3. Agentliyin əməliyyat büdcəsini hazırlayır;
4.1.4. Agentliyin təsdiq olunmuş büdcəsinin icrasına gündəlik nəzarəti həyata keçirir;
4.1.5. hesabat dövrü ərzində faktiki və nəzərdə tutulmuş büdcə məlumatlarını üzləşdirir, büdcənin icrası haqqında hesabatları tərtib edir;
4.1.6. aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim edir;
4.1.7. Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun kənar auditin aparılmasında iştirak edir;
4.1.8. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
4.2. Mühasibat uçotu sektorunun vəzifələri aşağıdakılardır:
4.2.1. Agentliyin Aparatının inzibati idarəetmə xərcləri üzrə ödənişləri həyata keçirir və onların uçotunu aparır;
4.2.2. Agentliyin debitor və kreditorları üzrə əməliyyatlarının uçotunu aparır;
4.2.3. Agentliyin Aparatının işçilərinin əmək haqqı və ona bərabər tutulan ödənişlərinin həyata keçirilməsini təmin edir;
4.2.4. əmək haqqı və ona bərabər tutulan ödənişlərin uçotunun, eləcə də bu ödənişlər üzrə tutulan vergilər və ayırmalarla bağlı əməliyyatların həyata keçirilməsini təmin edir;
4.2.5. alınmış mal-materialların mədaxil və məxaric əməliyyatlarının, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, azqiymətli və tezköhnələn əşyaların uçotunu aparır;
4.2.6. mühasibat uçotunun aparılmasını, tələb olunan formatda hesabat və məlumatların, eləcə də müvafiq dövlət orqanlarına dövri hesabatların hazırlanmasını təmin edir;
4.2.7. qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.