Xəbərlər

Türk iş adamları Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsində maraqlıdırlar

24 May 2021, 12:07

 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarə rəisinin müavini Mehdi Ağayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Türkiyənin Okuklu Holdinq nümayəndələri arasında görüş baş tutub. Görüş 17-23 may 2021-ci il tarixlərində inşaat sahəsində ixtisaslaşmış bir qrup türkiyəli iş adamlarının Azərbaycana işgüzar səfəri çərçivəsində reallaşıb. Səfərin əsas məqsədi ölkəmizdə icrası nəzərdə tutulan irimiqyaslı bərpa-inşaat işlərinin yerinə yetirilməsi ilə bağlı müzakirələrdə iştirak etmək, bir sıra dövlət qurumları, həmçinin tərəfdaş şirkətlərlə işgüzar görüşlər həyata keçirməkdir. Görüş zamanı qonaqlar 44 günlük Vətən Müharibəsi ərzində Ordumuzun qazandığı uğur və qələbə sevincinə şərik olduqlarını, Azərbaycanın ərazi bötüvlüyünü bərpa etməsindən məmnunluqlarını dilə gətiriblər. Agentlik rəsmiləri qardaş Türkiyənin ölkəmizə verdiyi dəstəyi hər zaman hiss etdiklərini və bu münasibəti yüksək dəyərləndirdiklərini ifadə ediblər. Daha sonra hər iki tərəf fəaliyyət istiqamətləri və gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Türkiyədən olan nümayəndələr ölkəmizdə yaradılan səmərəli işgüzar və açıq məkandakı reklam sahəsində mövcud şəffaf mühitdən razılıqlarını bildiriblər. Okuklu Holdinq olaraq ölkənin reklam bazarı, xüsusən də açıq məkandakı reklamlarla əlaqədar Dövlət Reklam Agentliyi ilə işgüzar münasibətlər quracaqlarını ifadə ediblər.

Digər xəbərlər