Xəbərlər

Reklam sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün təlimlər keçiriləcək

19 May 2022, 15:00

 

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müavini Orxan Əliyevlə görüş keçirilmişdir. Görüşdə reklam daşıyıcılarında Azərbaycan dilinin saflığının qorunması, dilimizin düzgün tətbiqi və s. məsələlər müzakirə olunmuşdur. Professor Sevinc Əliyeva Mərkəzin fəaliyyəti barədə məlumat verərək 1 noyabr 2018-ci il tarixli Fərmanda nəzərdə tutulan məsələlərdən biri kimi reklam daşıyıcılarında Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi məsələlərinin əhəmiyyətindən danışmışdır. ADRA-nın rəsmisi Orxan Əliyev Agentliyin səlahiyyətləri çərçivəsində və nəzarət olunan ərazilərdə reklam lövhələrində yol verilən nöqsanların statistikasının hazırlandığını qeyd etməklə reklam agentlikləri və istehsalçıları üçün müvafiq maarifləndirici təlimlərin təşkilinin, tələblərə cavab verməyən reklam lövhələrinin söküntüsünün bu istiqamətdə görüləcək işlər sırasında əhəmiyyətli olacağını bildirmişdir. Görüşdə, həmçinin reklam sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün Monitorinq Mərkəzi ilə birgə təlimlərin keçirilməsi, doğma dilimizin düzgün tətbiqi ilə bağlı maarifləndirici çarxların açıq məkanda yayımlanması kimi məsələlər müzakirə edilmişdir.

Digər xəbərlər