Xəbərlər

ADRA əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini anıblar 

19 Yanvar 2023, 17:30

 

1990-cı il yanvarın 20-si xalqımızın tarixinə həm faciəli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazılıb. Bu tarix Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. 20 Yanvarın tariximizdə tutduğu yeri indi – 33 il keçdikdən sonra daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi. 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapıb. Həmin dövrdən başlanan çətin, ağır ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub. Hələ uşaq ikən Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazıb, Vətənimizin ərazi bütövlüyünü bərpa ediblər. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü naminə şəhid olanlar müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoyublar. Xalqımız 20 Yanvar faciəsinin 33-ci ildönümünü Qarabağ Zəfərinin fonunda xüsusi qürur hissi ilə qeyd edir.

Digər xəbərlər