Xəbərlər

Yaşıl dünya naminə həmrəy olaq!

3 Sentyabr 2024, 12:38

 

    Ölkəmizdə ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində atılan addımlar - günəş, külək enerjisinin əldə olunması sahəsində həyata keçirilən layihələr, işğaldan azad edilmiş ərazilərin, həmçinin Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi planetimizin qorunması istiqamətində aparılan dövlət siyasətinin bariz nümunəsidir.

    Bəşəriyyəti təhdid edən qlobal iqlim dəyişikliyi ilə mübarizə istiqamətində bütün ölkələrin həmrəyliyi və üzərlərinə düşən öhdəliyi yerinə yetirmələri olduqca vacibdir. BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sayca 29-cu sessiyanın keçiriləcəyi Bakı şəhəri təxminən iki həftə ərzində iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik üçün mühüm platforma rolunu oynayacaq.

    Mütəxəssislər bildirirlər ki, qlobal temperatur 2ºC-dən yuxarı qalxarsa, ekstremal hava hadisələri, o cümlədən daşqınlar, quraqlıqlar, məhsul itkisi və digər ciddi iqlim problemləri də artacaq. Bu, yalnız ekologiya üçün deyil, həm də iqtisadiyyat üçün böyük təhdidlər yaradacaq. Su ehtiyatları tükənə, qida təhlükəsizliyi pozula, bir çox regionlarda isə məcburi köçkünlük halları arta bilər. Həmin problemlərin qarşısını almaq üçün qlobal temperaturun 2ºC altında saxlanılması məqsədi strateji və vacib addımdır.

   İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolunun əhəmiyyəti, onların enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyə qarşı həssaslıq nümayiş etdirməsi vacib məqamlardandır. Vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə təkcə paytaxtda deyil, regionlardakı reklam qurğularında da vaxtaşırı planetinimizin, təbiətin qorunması mövzularında sosial reklamlar yayımlanır.  

Digər xəbərlər