Xəbərlər

ADRA-nın kollektivi Zəfər parkında olub

27 Sentyabr 2024, 15:30

 

    27 sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin kollektivi Zəfər parkında olub, parkın girişində xatirə daşının önünə gül dəstələri qoyublar. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib. Agentliyin kollektivi Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin layihəsinin əks olunduğu stendlərə baxıblar.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq. 8 Noyabr prospektində inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək.

Digər xəbərlər