ADRA-nın İdarə Heyətinin sədri ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunan tədbirdə iştirak edib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor və tərəfdaşlarının iştirakı ilə işgüzar görüş keçirilib. Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədri Fərhad Adıgözəlovla yanaşı digər rəsmi şəxslər, deputatlar, Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər. Tədbirdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədilə “Azərlotereya” ASC tərəfindən alınmış üç minaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya hədiyyə edilib. Sonda QDF tərəfindən icra olunmuş layihələr və təşkil olunmuş tədbirlər, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçən il yerli sahibkarlar tərəfindən alınaraq QDF vasitəsilə ANAMA-ya hədiyyə edilən “Revival P” minatəmizləmə maşını və ANAMA-nın fəaliyyətinə həsr olunan videoçarxlar da iştirakçılara nümayiş etdirilib.