İnsan alverinə YOX deyək!
İnsan alveri müasir dövrün ən ciddi qlobal problemlərindən biri olaraq qalır. BMT-nin məlumatına görə, hər il dünyada minlərlə insan alveri qurbanı olur. Bu qurbanlar müxtəlif vədlərlə aldadılaraq cinsi istismar, məcburi əmək, orqan alveri və digər məqsədlərlə istismar olunur. Bu sahədə beynəlxalq əməkdaşlıq, hüquqi çərçivələrin təkmilləşdirilməsi və ictimai maarifləndirmə mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda da insan alveri ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə bu problemin qarşısının alınması və qurbanların müdafiəsi məqsədilə hüquqi baza möhkəmləndirilib, ixtisaslaşmış qurumlar və yardım mərkəzləri fəaliyyət göstərir. İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planları çərçivəsində profilaktik və operativ tədbirlər davamlı şəkildə həyata keçirilir.
Ötən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 insan alveri və 1 məcburi əmək cinayəti qeydə alınıb. Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Məlumata görə, 2 cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib. Qurbanların 56-sı sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımlarla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb. 80 insan alveri qurbanına birdəfəlik müavinətlər verilib, 9-u işlə təmin edilib, 18-i peşə kursuna, 63-ü yardım mərkəzinə yönləndirilib.