Narkotiklərlə mübarizəyə dair sosial çarxların açıq məkanda yayımı davam etdirilir
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) narkotik vasitələrin qanunsuz dövriyyəsi və onların fəsadları ilə bağlı ictimai maarifləndirmə istiqamətində aparılan təşviqat tədbirlərinə mütəmadi dəstək göstərir. Bu tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış sosial reklam çarxlarının açıq məkanda – insanların sıx toplaşdığı ərazilərdə yerləşən reklam daşıyıcılarında yayımı təşkil olunub.
Sözügedən sosial çarxlar yalnız paytaxt Bakı şəhərində deyil, eyni zamanda Gəncə və Sumqayıt şəhərlərində də açıq məkan reklam qurğularında nümayiş etdirilir. Mayın 17-dək yayımlanacaq reklam çarxlarında narkotik vasitələrin insan sağlamlığına, ailə və cəmiyyətə vurduğu ağır zərərlər, eləcə də onların qanunsuz dövriyyəsinin hüquqi nəticələri barədə məlumatlar vizual şəkildə təqdim olunur.
Narkotiklərlə mübarizə dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə maarifləndirici və təbliğat xarakterli mesajların cəmiyyətə çatdırılması ictimai şüurun formalaşmasına, xüsusilə yeniyetmə və gənclərin düzgün istiqamətləndirilməsinə xidmət edir.