Reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır”. Bu anlayış Reklam haqqında Azərbaycan Respublikasının Qanununda əks olunub. Beynəlxalq Ticarət Palatasının reklamla bağlı qaydalar toplusunda (ICC Code) yayımlanan reklamların qanuni, layiqli, vicdanlı və həqiqəti əks etdirməsi əsas prinsip olaraq qeyd olunur. Reklam özündə iqtisadi, sosial, mədəni və digər dəyərləri də əks etdirir. Reklam bazarı iş yerləri yaratmaqla, istehlak və ticarəti stimullaşdırmaqla, öz subyektlərini innovasiyaya təşviq etməklə çevik inkişaf etməkdədir. İnternet səhifələri, sosial şəbəkələr, televiziya və radio efiri, qəzet, jurnal, nəqliyyat vasitələri, monitor və billbordlar reklam yayımı üçün rəqabətli mühit yaratmaqdadır. Bu da reklamın insanların həyatında əvəzsiz rol oynadığını təsdiq edir. Açıq məkanda reklam qlobal olaraq ümumi reklam bazarının az hissəsini əhatə etsə də, inkişaf sürətinə görə qabaqcıl hesab olunur. Təcrübə göstərir ki, açıq məkandakı reklamın hazırlanması və yayımı üçün sərf olunan sərmayə özünü bir neçə dəfə doğruldandır. Bu reklam növünə konkret məhsul və xidmətlərin təşviqi ilə yanaşı obyektin və şirkətin adı, fəaliyyət istiqamətləri, korporativ elementlər də aid olunur. Qanunvericiliyə əsasən yerləşdirilən reklam yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, yaşayış binasında yerləşdirilən reklam isə onun təhlükəsiz istismarına mane olmamalıdır. Tarix və mədəniyyət abidələrinin ərazisi və üzərində reklam daşıyıcısı rəsmi icazə əsasında həmin binanın dayanıqlılığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər.
Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları və ya yerləşdirilməsinə icazə alınması tələb olunanlar reklam hesab edilmir.