Xəbərlər

Xalqın qəlbində əbədilik qazanan Lider – Heydər Əliyev

6 May 2022, 12:02

 

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Agentliyin İdarə Heyəti sədrinin müavini Orxan Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmağı bacaran tarixi şəxsiyyət Heydər Əliyevin ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək, bu ideyaların həyata keçirilməsi üçün mühüm addımlar atdığını, həyatını xalqın rifahı və dövlətin inkişafına həsr etdiyini bildirib. Qeyd edib ki, Ulu Öndərin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuş, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması ilə ölkə iqtisadiyyatının dinamik inkişafının əsası qoyulmuş, bununla da qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli gerçəkləşdirilmiş, sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modeli yaradılmışdır. İdarə Heyəti sədrinin müavini vurğulayıb ki, bu siyasət bu gün də böyük uğurla davam etdirilir.

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Ulu öndərin keçdiyi şərəfli ömür yolundan bəhs edib, onun müstəqil Azərbaycanın inkişafı və tərəqqisi yolundakı fəaliyyətindən söz açıb. Natiq bildirib ki, bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edən Ulu Öndərin yarımçıq qalmış ideyalarını dahi şəxsiyyətin siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı ilə 44 gün ərzində xalqımızın 30 illik yurd həsrətinə birdəfəlik son qoyuldu, Ermənistan diz çökdürüldü. Azərbaycan qalib sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi strategiyası sayəsində öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Bununla da ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Biz doğma Qarabağımıza qovuşduq.

Tədbir YAP Səbail rayonu Neftçilər prospekti 24 ərazi təşkilatının sədri İmmiyə Zamanovanın müəllifi olduğu Ulu Öndərə həsr olunan filmin nümayişi ilə yekunlaşdı.

 

Digər xəbərlər