Açıq məkanda reklamı olan sahibkarların maarifləndirilməsi işi davam etdirilir
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Reklam bazarında mövcud imkanlar və perspektivlər” mövzusunda görüş keçirilib. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin və sahibkarların iştirak etdiyi görüşdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir iş adamlarına Agentliyin fəaliyyəti, onlayn “İcazələr Sistemi” barədə məlumat verib, sahibkarların sualları cavablandırılıb. Görüşdə həmçinin açıq məkanda qadağan edilmiş reklamlardan, dövlət rüsumlarının onlayn qaydada ödəmə üsullarından danışılıb. Qeyd edilib ki, sahibkarların işini asanlaşdırmaq üçün hazırda ADRA-nın 1412 Çağrı Mərkəzi, 0706771412 “whatsapp” nömrəsi, «Telegram» botu fəaliyyət göstərir, yaxın gələcəkdə isə “İcazələr Sistemi”nin mobil tətbiqi iş adamlarının ixtiyarına veriləcək. Bundan əlavə, ADRA-nın səlahiyyətli nümayəndələrinin KOB evlərində də fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Onlayn görüşdə sualların cavablandırılmasından əlavə sahibkarların təklifləri də dinlənilib. Belə görüşlərin əhəmiyyətindən danışılaraq, davamlı olması təşəbbüsü irəli sürülüb.