Açıq məkanda maarifləndirici reklamların yayımı davam etdirilir
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində açıq məkandakı reklam lövhələrində narkotik vasitələrin neqativ təsirləri barədə sosial reklamların yayımı həyata keçirilir. Cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, eləcə də cinayətlərin artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi bu sahədə təbliğat və maarifləndirmə tədbirlərinin səmərəsinin artırılmasını tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası olaraq narkotiklərin zərəri barədə sosial reklamların kütləvi nümayiş etdirilməsi üçün əhalinin sıx toplaşdığı yerlərdə “Narkotikə yox”, “Vaxt dayanmadan sən dayan!” şüarları ilə reklamlar yayımlanır. Açıq məkandakı reklam qurğularında narkotik vasitələrin zərəri barədə sosial reklamların yayımı may ayının 25-dək davam etdiriləcək.