Xəbərlər

ADRA-da ixtisaslaşmış reklam yayıcıları ilə görüş keçirilib

25 Fevral 2025, 13:40

 

    Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun sədrliyi ilə keçirilən görüşdə 30-dan çox ixtisaslaşmış reklam yayıcı şirkətin rəhbərləri iştirak ediblər. İdarə Heyətinin sədri çıxışında COP29 beynəlxalq tədbiri ilə əlaqədar göstərdikləri dəstəyə görə reklam yayıcılarına təşəkkürünü bildirib və ölkəmizdə keçiriləcək III MDB Oyunları ərəfəsində də birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

    Görüşdə reklam qurğularının təmizliyi, texniki sazlığı və estetik görünüşü ilə bağlı ciddi nəzarət tədbirləri müzakirə edilib. Reklam yayıcılarına bu məsələlərə xüsusi diqqət yetirmələri tapşırılıb. Bildirilib ki, xüsusilə regionlardakı bəzi qurğular estetik görünüşə və təhlükəsizliyə tam cavab vermədiyindən onların yeniləri ilə əvəzlənməsi məqsədəuyğundur. Körpüüstü qurğular, panolar və damüstü reklamların estetik görünüşü və simmetrik yerləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılaraq onların quraşdırılması zamanı tikinti təhlükəsizliyi üzrə müvafiq dövlət qurumlarının rəyinin alınmasının vacibliyi vurğulanıb. Eyni zamanda qeyd edilib ki, eskizlər təsdiqlənmədən reklam yayımlanarsa, eləcə də qanunvericiliyin tələblərinə cavab verməyən digər hallar aşkarlanarsa müvafiq tədbirlər görüləcəkdir.

    Sonda görüşdə iştirak edən şirkətlərə göstərilən dəstək və əməkdaşlıq üçün təşəkkür edilərək, gələcəkdə birgə iş birliyinin daha da gücləndirilməsi və yeni hədəflərə çatmaq üçün səmərəli fəaliyyətin davam etdiriləcəyi bildirilib.

​​​​​​

Digər xəbərlər