Açıq məkandakı reklamlarla bağlı sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) Media və kommunikasiya şöbəsinin müdiri İmmiyə Zamanova Marsol sahibkarlar klubunun təşkilatçılığı ilə keçirilən qeyri-rəsmi görüşdə sahibkarlarla bir araya gəlib. ADRA nümayəndəsi iş adamlarına təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, reklam sahəsində mövcud qanunvericilik, icazə mexanizmləri və sahibkarlar üçün yaradılmış imkanlar barədə ətraflı məlumat verib. Görüşün əsas müzakirə mövzusu açıq məkanda yerləşdirilən reklamlarla bağlı maarifləndirmə olub. Sahibkarlar açıq məkanda reklam yerləşdirilməsi üçün tələb olunan prosedurlar və qaydalarla bağlı suallarını ünvanlayıblar. Faydalı fikir mübadiləsi ilə müşayiət olunan tədbirin əsas məqsədi dövlət qurumu ilə sahibkarlar arasında əməkdaşlığı gücləndirmək, reklam sahəsində məlumatlılığı artırmaq və qanunvericiliyə uyğun fəaliyyətin təşviqinə dəstək vermək olub.