Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil ediləcək ağacəkmə aksiyasına qoşulacaq
Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadı, dəyərli mütəfəkkir, bəşəri duyğuların tərənnümçüsü İmadəddin Nəsiminin yaradıcılığı çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. Böyük şairin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar. Noyabr ayının ikinci yarısında həyata keçirilməsi nəzərdə tutulan bu nəcib aksiyaya Dövlət Reklam Agentliyinin kollektivi də qoşulacaq. Agentlik Səbail rayonu ərazisində yerləşdiyindən ağaclar da adı çəkilən rayonda əkiləcək. Hazırda bu aksiyaya hazırlıq prosesi gedir. Ağacların alınması və əkiləcək yerlərin müəyyənləşdirilməsi üçün Dövlət Reklam Agentliyi Ekologoya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səbail rayon İcra Hakimiyyətinə müraciət ünvanlayıb.