Bayram ərəfəsində şəhid ailələri ziyarət edilib
Bahar bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş, 44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımızın ailələri ziyarət edilib. Şəhidlərimizin yaxınlarına diqqət, mənəvi dayaq və qayğı göstərmək məqsədilə YAP Səbail rayon təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşları Səbail rayonu ərazisində yaşayan ailələrə baş çəkiblər. Görüşlərdə şəhidlərimiz anılıb, ailə üzvlərinin xatirələri dinlənilib, Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış övladlarımızın hünərləri barədə danışılıb. Ailə üzvləri ilə söhbət zamanı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edilib, rəşadətli ordumuzun işğaldakı torpaqlarımızın azad edilməsində göstərdiyi misilsiz qəhrəmanlığından danışılıb. Görüş iştirakçıları hər bir şəhid ailəsinin əziz olduğunu, onlara diqqət göstərməyin hamının mənəvi borcu olduğunu qeyd ediblər.