Xəbərlər

ADRA - 5 il

20 İyun 2022, 09:30

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin yaranmasından 5 il ötür. 20 iyun 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Agentliyin əsas məqsədi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir. Agentliyin fəaliyyətinin əsasında ölkənin reklam ekosisteminin inkişafı, vətəndaş  məmnuniyyəti, şəffaflıq və məsuliyyət prinsipləri durur. Qurum fəaliyyət göstərdiyi 5 il ərzində qarşıya qoyulan məqsədlərə çatmaq üçün yaradılan peşəkar komanda və sağlam iş mühiti ilə bir sıra uğurlara imza atıb. İnnovasiyaların tətbiqi ilə Agentliyin fəaliyyətinin və idarə olunmasının çevik və səmərəli təşkilində də əməli tədbirlər görülüb. Şəhərlərin estetik gözəlliyini qorumaq məqsədilə yeni nəsil reklam qurğularının quraşdırılması, reklam daşıyıcılarının qeydiyyatında vaxt sərfini azaltmaq üçün yaradılan onlayn İcazələr Sistemi, vahid məlumatlar bazası, dövlət rüsumu və yayım haqqının avtomatik hesablanması, 360 dərəcə panoramik virtual xəritəçilik sistemi bu sahədə görülən işlərin bir qismidir. Ötən dövr ərzində vətəndaş məmnunluğu Agentliyin prioritet sahələrindən biri olduğundan, 1412 Çağrı Mərkəzi və operativ vatsap əlaqəsi sahibkarlarla birbaşa və rahat ünsiyyətin qurulmasına xidmət edib. Həmçinin ictimaiyyəti maarifləndirmə mexanizmi əyani şəkildə həyata keçirilməklə yanaşı, Agentliyin rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri vasitəsilə də aparılıb. Qarşıda isə yeni hədəflər və məqsədlər var. Biz bu hədəflərimizə çatacağımıza var gücümüzlə inanır və bunun üçün tam şəkildə səfərbərik. 5 il ərzində bu yolda bizimlə birgə addımlayan hər bir vətəndaşımıza təşəkkürümüzü bildiririk.

Digər xəbərlər