Xəbərlər

ADRA Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə əməkdaşlığa başlayıb

10 Mart 2023, 11:57

 

Açıq məkan reklamlarında dövlət dili ilə bağlı qarşıya çıxan mübahisəli məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılması məqsədilə Azərbaycan Respublikası Dövlət Reklam Ağentliyinin əməkdaşları ilə  Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşlarının görüşü keçirilib. Təlim xarakterli görüşdə reklam daşıyıcılarında dövlət dilinin saflığının qorunması, Azərbaycan ədəbi dil normalarının düzgün tətbiqinin təmin edilməsi, reklam mətnlərinin tərtibi zamanı yol verilən orfoqrafik, leksik səhvlərdən danışılıb. ADRA ilə davamlı əməkdaşlığın vacibliyi vurğulanaraq atılacaq addımların sözügedən sahədə mövcud nöqsanların aradan qaldırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Mərkəzin açıq məkan reklamlarında apardığı monitorinq zamanı bəzi sözlərin Azərbaycan dilində necə yazılmalı olduğu məsələsi fikir ayrılıqlarına səbəb olub. Dilçilər “mall” sözünün azərbaycanca “moll”, “pub” sözünün “pab”, “toyuq dönəri”nin mütləq “toyuq ətindən dönər”, “kartof fri”nin “fri kartof”  kimi yazılmalı olduğunu təklif ediblər. Təlimdə ADRA əməkdaşlarının dil vahidləri ilə bağlı üzləşdiyi çətinliklər, əcnəbi sözlərin qarşılığının dəqiqləşdirilməsi, reklam mətnlərində işlənən yeni termin və sözlərin dilimizin yazı sisteminə uyğunlaşdırılması kimi məsələlər müzakirə edilib.

 

Digər xəbərlər